Gömrük proseduru nədir?
Gömrük proseduru gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir.
Nəzərə alınmalıdır ki,gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına mal sahibləri, yaxud gömrük bəyannaməçisi(gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis) tərəfindən bəyan edilməlidir.
Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada(şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.
Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
Hansı Gömrük Proseduru tipləri mövcuddur?
Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:
1. tranzit (beynəlxalq və daxili tranzit);
2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);
3. sərbəst zona;
4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);
5. emal (daxildə və xaricdə emal).
Yuxarıda göstərilən gömrük prosedurlarından təcrübədə ən çox istifadə ediləni “Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru”dur. Bu gömrük proseduru haqqında bir sözlə onu ifadə etmək olar ki, daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar məhz sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:
- qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;
- ticarət siyasəti tədbirlərinin tətbiqini;
- malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.
Digər növ gömrük prosedurları haqqında Gömrük Məcəlləsində və gömrük qanunvericiliyində kifayət qədər məlumatlar, normalar, eyni zamanda tədris vəsaitləri vardır.
Ümumiyyətlə qeyd olunmalıdır ki, bəyanetmə dövründə gömrük xidmətləri göstərən gömrük broker şirkətləri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin vasitəsilə mal-müşayiət sənədləri əsasında və işin faktiki hallarına uyğun hansı gömrük prosedurunun düzgün olacağını müəyyən edir və bununla da mal sahiblərinin işini xeyli asanlaşdırmaqla onları gömrük orqanları ilə aralarında yarana biləcək mümkün problemlərdən sığortalamış olur.
Gömrük Nəzarəti necə aparılır?
Gömrük nəzarəti-gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər toplusudur.
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı üsullarla həyata keçirirlər:
- gömrük təminatı vasitələrindən istifadə etməklə;
- gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssisləri və ekspertləri cəlb etməklə;
- gömrük nəzarəti zonalarını yaratmaqla və qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla.
Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları aşağıdakı vasitələrdən istifadə edirlər:
- texniki nəzarət vasitələrindən (detektorlar, rentgen aparatları, surətçıxaran avadanlıqlar, mexaniki, elektrik, elektron cihazlar, gömrük nəzarəti üzrə müşayiət qurğuları, qlobal mövqetəyinetmə sistemi (GPS) və s.);
- dəniz (çay) və hava gəmilərindən;
- gömrük orqanlarının informasiya resurslarından;
- xidməti itlərdən və gömrük nəzarətinin məqsədlərinə nail olmaq üçün siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş digər vasitələrdən.
Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- nəqliyyat sənədləri;
- mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən bəyannamə.
Gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə tələb olunan nəqliyyat sənədləri şəxslər tərəfindən gömrük orqanlarına təqdim edilir. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə şəxslər tərəfindən gömrük prosedurlarının tələblərinə uyğun olaraq gömrük bəyannaməsi verilir. Gömrük bəyannaməsində göstərilən məlumatlar üzrə gömrük orqanları tərəfindən tələb olunduğu hallarda şəxslər müvafiq təsdiqedici sənədləri gömrük orqanına təqdim edirlər. Gömrük Məcəlləsinə uyğun olaraq, tələb olunan sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına görə cavabdehdir. Gömrük işi üzrə digər qanunvericilik aktları ilə gömrük orqanlarına təqdim olunması nəzərdə tutulmuş sənədlər, o cümlədən gömrük bəyannamələri elektron formada təqdim oluna bilər.
Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti bir-birini tamamlayan üç əsas mərhələdə həyata keçirilir:
- malları və nəqliyyat vasitələrini gömrük orqanına təqdim edən şəxs tərəfindən məlumatlandırma (bundan sonra - məlumatlandırma) və gömrük orqanları tərəfindən qeydiyyat;
- sənədli nəzarət;
- çatdırılmaya nəzarət.
Məlumatlandırma və qeydiyyat mərhələsi malların və nəqliyyat vasitələrinin gömrük sərhədini keçərək gömrük ərazisinə faktiki daxil olduğu andan və ya gömrük ərazisini tərk etmək məqsədi ilə gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduğu andan başlanılır.
Gömrük rəsmiləşdirilməsi yerlərində gömrük nəzarəti mərhələləri ayrıca qeyd edilməlidir:
- gömrük bəyannamələrinin qeydiyyatı və uçotu;
- seçilmiş gömrük prosedurunun tələblərinə riayət edilməsinə nəzarət;
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq malların kodunun və mənşə ölkəsinin müəyyənləşdirilməsinin düzgünlüyünə, məhdudiyyət və qadağalar üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət;
- valyuta nəzarəti və gömrük dəyərinin müəyyən edilməsinə nəzarət;
- gömrük ödənişlərinə nəzarət;
- gömrük baxışı;
- gömrük bəyannamələrinin Gömrük Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə uyğunluğunun yoxlanılması və təsdiqi.
Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə tənzimlənir.