Gömrük brokeri formaları, broker xidməti nədir

Broker xidməti nədir?

"Gömrük  brokeri"  anlayışı  bir əsrdən  artıqdır ki,  xarici  iqtisadi  fəaliyyət  sahəsində istifadə edilən anlayışlardandır. Əksər dünya ölkələrində mal və nəqliyyat  vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük brokerlərinin iştirakı ilə aparılır. Gömrük qanunvericiliyinə əsasən gömrük sərhədindən keçirilən bütün malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün hər kəs eyni hüquqa malikdirlər, yəni  hər kəs istər fiziki şəxslər, istərsə də kommersiya hüquqi şəxslər özləri mallarını rəsmiləşdirmək üçün təqdim edə bilərlər. Amma praktikada çox zaman xarici ticarət iştirakçıları bu işi  peşəkar gömrük brokerlərinə, başqa dillə desək gömrük təmsilçilərinə həvalə edirlər.

Gömrük brokerləri bütövlükdə gömrük rəsmiləşdirilməsi prosesində ticarətçilər və gömrük  orqanları  arasında  vasitəçi  rolunu  oynamaqla gömrük təmsilçiliyi funksiyasını icra etmiş olur. Belə ki, gömrük brokerləri mal-müşayiət sənədləri əsasında tərtib edilmiş gömrük bəyannamələrinin elektron ötürülməsini  təmin etməklə, yüklərin rəsmiləşdirilməsini həyata keçirir, həmçinin ödəniləcək vergi və rüsumların büdcəyə təmin edilməsinə köməklik etməklə gömrük orqanlarının da maraqlarına xidmət etmiş olur.

Azərbaycanda broker xidməti

Azərbaycanda gömrük brokerlərinin tarixi o qədər də uzun deyil. Bu fəaliyyət əsasən ikinci dəfə müstəqillik qazandıqdan sonra aktuallıq qazanmışdır. Azərbaycanda gömrük brokerinin fəaliyyəti Gömrük məcəlləsinin III fəsil, 21-27-ci maddələrində və "Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini  tənzimləyən qaydalar"ın təsdiq edilməsi haqqında Nazırlər Kabinetinin 23 yanvar  2014-cü il 17 nömrəli qərarı və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.

Gömrük təmsilçiliyinin formaları

Bəs gömrük təmsilçisi kim ola bilər və onun hansı formaları var? Qanunvericiliyə əsasən hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər. Gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı ola bilər. Birbaşa gömrük təmsilçisi  təmsil etdiyi şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün fəaliyyət göstərir. Yəni ki, sahibkarın birbaşa əmək müqaviləsi ilə işə götürdüyü şəxslər sahibkar adından birbaşa gömrük təmsilçiliyini həyata keçirə bilərlər. Şəxs tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq birbaşa təmsilçiliyin həyata keçirilməsi üçün gömrük orqanlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslə əmək münasibətlərini təsdiq edən sənəd;

2. hüquqi şəxs birbaşa təmsil edildikdə, onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla etibarnamə;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs birbaşa təmsil edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamə.

Dolayı gömrük təmsilçisi isə təmsil etdiyi şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün fəaliyyət göstərir. Gömrük brokeri də məhz dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir və fəaliyyəti aşağıdakıları əhatə edir:

  • mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;
  • gömrük ödənişlərinin və bəyan edilən mallar və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
  • bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi.

Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Başqa sözlə desək gömrük brokeri (gömrük təmsilçisi) mal sahibi ilə bağlanılan müqavilə əsasında bəyannaməçi kimi çıxış edə bilər. Beləliklə də gömrük brokeri ona müraciət etmiş hər bir şəxslə xidmət müqaviləsi bağlamağa borcludur.

Hüquqi şəxslərin gömrük brokeri kimi fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də onların ştatında olan əməkdaşların ixtisas attestatlarına və ali təhsilə malik olmasıdır. Gömrük brokeri əmək müqaviləsi əsasında ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Dövlət Gömrük Komitəsinə yazılı və ya elektron formada ərizə ilə müraciət etməlidir. Həmin əməkdaşlar Dövlət Gömrük Komitəsinin təşkil etdiyi imtahandan uğurla keçdikdən sonra 5 il müddətində etibarlı olan ixtisas attestatlarına sahib olur və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis adını qazanırlar.